İtaliyalı alimlərin Communications Psychology jurnalında dərc olunan araşdırmasına görə, süni intellektdən istifadə etməklə insanların gördüyü yuxuların məzmununu yüksək dəqiqliklə proqnozlaşdırmaq mümkündür.
Ucnoqta.az xəbər verir ki, tədqiqat zamanı 300-ə yaxın könüllü gündəlik düşüncələrini və oyandıqdan dərhal sonra gördükləri yuxuları qeydə alıb, daha sonra neyron şəbəkələr minlərlə mətni təhlil edərək qanunauyğunluqları müəyyənləşdirib.
Araşdırma göstərib ki, yuxular insanın xarakteri, gündəlik düşüncə tərzi, xəyal qurmağa meyli, yuxuya münasibəti və yuxunun keyfiyyəti ilə sıx bağlıdır. Xəyalpərəst insanlar daha qeyri-adi süjetlər görür, yuxularına önəm verənlərin yuxuları isə daha emosional və detallı olur. Yaxşı vizual yaddaşa malik şəxslər isə daha zəngin təsvirlərlə dolu yuxular görürlər.
Alimlər həmçinin müəyyən ediblər ki, güclü stress yuxuların məzmununu dəyişir. COVID-19 pandemiyası dövründə qeydə alınan yuxularda təcrid, məhdudiyyət və narahatlıq mövzuları daha çox üstünlük təşkil edib. Bu nəticələr göstərir ki, yuxular təsadüfi deyil, insanın gündəlik təcrübəsi və psixoloji xüsusiyyətlərinin davamı kimi formalaşır.
