Nikah yaşına çatmadan ailə qurmaq məsuliyyət yaradır

11:30 - 29 İyul 2021 - Cəmiyyət

Pandemiya ilində qeydə alınmamış nikahda olan ailələrdə  17 714 uşaq dünyaya gəlib

Bu günlərdə sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində yeniyetmə qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayıldı. Yayılan görüntülər əsasında Şəki Şəhər Polis Şöbəsində araşdırmalara başlanıldı. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapdı. Bundan sonra yeniyetmənin valideynləri polisə dəvət olunaraq izahatları alındı. Şəki PŞ-nin İstintaq bölməsində aparılan araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir.

Bu fakt da göstərir ki, Azərbaycanda uzun illərdir mövcud olan erkən nikah hələ ki qarşısını almaq mümkün olmayıb. Cəmiyyət nə qədər inkişaf etsə də, nikah yaşına çatmadan ailə qurma hallarına rast gəlinir. Orta məktəbi belə bitirmədən, həyatı dərk etmədən qızların ərə verilməsi təkcə onların sağlamlığına təsir etmir, həm də sağlamlıq problemi olan uşaqların doğulmasına, nikahsız ailə quranların hüquqlarının pozulmasına gətirib çıxarır.

Son 6 ilin ən aşağı göstəricisi

Son 5 ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il belə uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib. Ümumilikdə, isə nikahsız qadınların dünyaya gətirdiyi uşaqların sayı 2019-cu ildə 21 453, 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288 olub. Qeyri-rəsmi nikahdan doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür.

2016-cı ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların 9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8 167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.
2018-ci ildə belə qadınlar şəhər yerlərində 7 509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə şəhər yerlərində 7 790, kənd yerlərində 13 663, 2020-ci ildə şəhər yerlərində 6 667 uşaq, kənd yerlərində 11 047 uşaq dünyaya gətirib.

2020-ci ildə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər. Bu say da son 6 il üzrə ən aşağı göstəricidir. Ötən il bütün diri doğulanların 14 faizini qeyri-rəsmi nikahdan doğulan uşaqlar təşkil edib.

Nikah yaşına çatmadan ailə qurmağın tibbi, biloji və sosialoju fəsadları

Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Dünyanın 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur. Çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Azərbaycanda da nikah yaşına çatmadan ailə qurmağa tarixi ənənələrdən doğan stereotiplər də yol açır. Bu gün də Azərbaycan cəmiyyətində “qarımış qız”, “qız yükü duz yükü”, “tez evlənənlə tez yuxudan duran qazanar” kimi ifadələri cəmiyyət sevə-sevə işlədir. Digər tərəfdən qızını nikah yaşına çatmadan ailə qurmağa təhrik edən valideynlər bununla qızlarını cinsi təcavüz və zorakılıqdan qorumağı düşünür. Amma araşdırmalar göstərir ki, 18 yaşına çatmadan ailə quran qızlar yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir. Ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də özünü doğrultmur. Azyaşlı qızın bir kasıb ailədən digərinə düşməsi əslində onun durumunu yaxşılaşdırmır, zərif çiyinlərinə düşən yükü artırır.

Qızların kənd yerlərində işlə təmin olunmalarındakı çətinliklər, kəndlərdə kişilərin əmək miqrasiyasının qadınlar arasında ailə qura bilməmək qorxusu yaratması da erkən nikaha rəvac verən səbəblər sırasında göstərilir.  Amma  erkən nikahın yaratdığı fəsadlar bir çox hallarda  işsizlik və ailə qurmamaqdan daha ağır olur.

Mütəxəsislərin qənaətinə görə, fiziki və psixoloji baxımdan hazır olmadan qurulan ailələrdə erkən hamiləlik baş verir, bu da doğuş və ölüm riski yaradır, ana və uşaq ölümlərinin sayı artır. Həmçinin, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.

Erkən nikah təhsilin effektiv şəkildə başa çatdırılmasına da mane olur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Qızları gələcəkdə müstəqil şəkildə ayaq üstə dayanmasına imkan verən peşə və həyat bacarıqlarının əldə edilmə imkanlarından məhrum etmiş olur. Təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir. O, ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər. Erkən nikahın qurbanı olan gənc qızlar ailənin çətinliklərini zərif çiyinlərində daşıya bilməyəndə isə çıxış yolunu ya ayrılmaqda, ya da intihar etməkdə görürlər.

Qanun nikah yaşının yalnız 1 ildən çox olmayaraq azaldılmasına icazə verir

Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Azərbaycan Konstitusiyasının 34-cü maddəsinin tələbinə görə, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

Ailə Məcəlləsinin də 1-ci maddəsi Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsaslarını müəyyən edir. Həmin maddənin tələbinə görə, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.

Ailə Məcəlləsinin 10-cu maddəsi isə nikah yaşını müəyyən edir. Belə ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.  Amma üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir.

Nikah yaşına çatmayan şəxslə ailə qurması hüquqi məsuliyyət yaradır

Nəzərə alınmalıdır ki, qadının məcburi nikaha daxil olması, öz iradəsi əleyhinə evləndirilməsi, həmçinin nikah yaşına çatmadan ailə qurması məsuliyyət yaradır. Əvvəllər cəmiyyətə “qız qaçırma” adəti kimi tanınan və qadını ailə qurmağa vadar edən addım indi Cinayət Məcəlləsinin 144-cü maddəsinin təsiri altına düşür.  Cinayət Məcəlləsinin 144-cü maddəsinə görə, şəxsin iradəsinə zidd olaraq, evlənmək və ya başqa məqsədlə oğurlanması bütün hallarda “adam oğlurluğu” kimi qiymətləndirilir. Çünki bəzi hallarda evlənmək məqsədi ilə qız qaçıranlar daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün hətta onu zorlayır, onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə olan halda cəmiyyətin basqısı ilə üz-üzə qalan qadın istəmədiyi şəxslə bir evdə yaşamağa məhkum olur.

Digər tərəfdən qeyri-rəsmi nikah, valideynlər, qız və oğlan arasında razılıq, birlikdə yaşamağa qərar verilməsi – bütün hallarda qızın 16 yaşı tamam olmayıbsa, onunla cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

Şəkidə baş verən hadisə ilə bağlı məlumat yayılandan sonra hərəkətə keçən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb. Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirir ki, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb. Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə həmin ailədə olublar. Artıq ailəsinə qaytarılan yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək. Amma bütün nikah yaşına çatmayanların ailə qurması ictimailəşmir və qurbanların sayı artır...

Pünhan Əfəndiyev

Xəbər xətti