Türkiyənin Osmaniyə vilayətində 11 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 1 nəfər yaralanıb. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə sentyabrın 4-ü axşam saatlarında E-90 avtomagistralında qeydə alınıb.
Məlumata görə, Qaziantepdən Osmaniyəyə gedən Orxan Y.-nin idarə etdiyi 63 FD 006 qeydiyyat nömrə nişanlı yük maşını, yol tikinti işləri ilə əlaqədar yavaşlayan Rəcəb K.-nın idarə etdiyi 02 DD 598 qeydiyyat nişanlı yük maşınına çırpılıb. Bundan sonra arxadan gələn digər 9 nəqliyyat vasitəsi də qəzada iştirak ediblər.
Ətrafdakı sürücülərin çağırışı ilə əraziyə ambulanslar və xilasedicilər gəlib.
Nəticədə maşınların birində olan Məhməd P.-nin yüngül xəsarət aldığı müəyyən edilib.
Hadisə səbəbindən yolda uzun tıxac yaranıb.
Qəzaya düşmüş avtomobillər yoldan kənarlaşdırıldıqdan sonra, nəqliyyatın hərəkəti bərpa olunub.
Namiq Musayev