"Top-tüfəng"lə marketə basqın edib 27 manat apardılar: 18 manatı qaçanda düşürdülər – FOTO

13:20 - 11 Aprel 2019 - HADİSƏ

İnternetdə filmə baxıb həvəslənən 4 nəfər yanacaqdoldurma məntəqəsinin marketini qarət edib.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Ankara vilayətinin Kızılcahamam rayonunda baş verib. Əldə edilən məlumata görə, D-750 Ankara - Bolu avtomobil yolunda yerləşən bir yanacaqdoldurma məntəqəsinə qeydiyyat nişanı olmayan ağ rəngli avtomobillə gələn 4 nəfər, əllərində tüfəng tapança ilə marketə daxil olublar.

Maskalı qrup dükan işçisinə “Tərpənmə, hərəkət etmə” deyərək kassaya yaxınlaşıblar.

Kassadan 90 lirəni (27 manat) götürən dəstə üzvü, onlara etiraz edən işçini qorxutmaq üçün tüfənglə atəş açıb. Marketdən qaçaraq çıxan soyğunçular götürdükləri pulun 60 lirəsini (18 manat) yerə salıblar və maşına minərək ərazidən uzaqlaşıblar.

Market işçisi dərhal polis idarəsinə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları kamera görüntülərini araşdırıblar. Araşdırma zamanı məlum olub ki, soyğunçuların istifadə etdiyi avtomobil kirayə götürülüb.

Avtomobili kirayələyən qrup üzvlərinin izinə düşən polis əməkdaşları qısa müddət ərzində Yunus E.N, Nurəddin T., Oğuzxan D., və Çələbi Y'ni yaxalayıb.

Əməliyyat zamanı soyğunda istifadə olunan 3 tüfəng, 2 tapança, geyimlər və maskalar ələ keçirilib. Cinayətkarlar ilkin ifadə zamanı maddi çətinlik və borc səbəbi ilə soyğun planlaşdırdıqlarını və internetdə baxdıqları filimdən təsirlənərək belə bir əməl etdiklərini etiraf ediblər.

Ankara Asayiş Şöbə İdarəsindən bildiriblər ki, istintaq yekunlaşdıqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

 

Namiq

 

Xəbər xətti