Fevralın 9-da saat 18:56-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Ucnoqta.az-a daxil olan xəbərdə bildirilir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı və partlayıcısı olmayan) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 2,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.