Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları sosial şəbəkələrdə sürətli arıqlama vəd edən mənşəyi şübhəli məhsullara qarşı diqqətli olmağa çağırır.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, aparılan monitorinqlər zamanı sosial şəbəkələrdə reklam edilərək satılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli və istifadəsi qadağan edilmiş sibutramin maddəsi aşkarlanıb. Bu maddə ciddi sağlamlıq riskləri yaratdığı üçün Azərbaycanda qida məhsulları və dərman vasitələrində istifadəsi qadağandır.
AQTA bildirir ki, sosial şəbəkələrdə anonim səhifələr vasitəsilə satılan məhsulların əksəriyyəti dövlət qeydiyyatından keçmir və onların tərkibi barədə istehlakçılara düzgün məlumat verilmir.
Agentlik vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş məhsullardan istifadə etməyi, məhsulun mənşəyi və istehsalçısı barədə məlumatı yoxlamağı, arıqlama məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl isə həkim və ya mütəxəssis məsləhəti almağı tövsiyə edir.
Vurğulanıb ki, sağlam və davamlı çəki azaldılması balanslaşdırılmış qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür.