Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Binə-Sovxoz ərazisində qeydə alınıb.
11.07.2026-cı il tarixində saat 19:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binə qəsəbəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1981-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşu ona bıçaqla xəsarətlər yetirib.
Şübhəli şəxs qonşusuna 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.
Qətli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, həyatını itirən şəxsin 3 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.