Xəzər Universitetinə rektor təyinatı ilə bağlı danışıqlar apardığımız ölkələr arasında Türkiyə üstün tərəfdir.
Ucnoqta.az xəbər verir ki, bunu Teleqraf-ın sualına cavabında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı bildirib.
Onun sözlərinə görə, Xəzər Universitetində rektor dəyişikliyi dövri olaraq baş verən bir prosesdir.
"Universitetimizdə rektorlar zamanla dəyişməlidir və yeni rektorlar yeni ideyalarla gəlməlidir. Rektorların xaricdən gətirilməsi prioritetdir. Buna səbəb isə xaricdə inkişaf etmiş təhsil sistemləri və geniş əlaqələrin olmasıdır. Belə rektorlar, həmçinin böyük elmi potensiala malik olurlar və onlar bizim işimizin qabağa getməsinə kömək olacaqlar. Ona görə də bu məsələdə heç bir ölkə istisna olunmur. Hazırda yeni rektorun kim olacağı ilə bağlı dəqiq bir fikir yoxdur", - H. İsaxanlı vurğulayıb.
Təsisçi Xəzər Universitetinin rektoru İradə Xəlilovanın vəzifəsindən istefa verməsinin normal hal olduğunu deyib: "Universitetimizin strategiyasına uyğun olaraq, təxminən dörd ildən bir rektor dəyişikliyi edirik. Qaydaya uyğun olaraq, rektorlar dəyişdirilir. Yeni rektordan yuxarı səviyyədə araşdırma aparma qabiliyyəti tələb olunacaq".