Ağcabədidə qanunsuz tikili sökülüb

10:42 - 18 Fevral 2025 - ÖLKƏ İÇİ

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi-Ağdam avtomobil yolunun rayonun Şərəfxanlı kəndi ərazisindən keçən hissəsinə yaxın yerdə vətəndaş Ələmdar Məmmədzadə tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Xəbər xətti