Bu üsulla dünyaya uşaq gətirmək haramdır! – İlahiyyatçıdan sərt sözlər

20:11 - 25 Sentyabr 2024 - Cəmiyyət

Müasir dövrün əsas problemlərindən biri də sonsuzluqdur. Tibb sahəsinin inkişaf etdiyi bir zamanda valideyn olmaq istəyən şəxslər bu məsələnin həlli kimi süni mayalanma metoduna üz tuturlar.

Cəmiyyətdə bu yolu elmin inkişafı kimi dəyərləndirərək təqdir edənlərlə yanaşı, doğru olmadığını bildirənlər də var. Hətta süni mayalanmanın dinə zidd, günah əməl sayıldığı da deyilir.

Bəs bu, nə dərəcədə doğrudur? İslam süni mayalanma yolu ilə valideyn olmağa icazə verirmi?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov prosesin fərqli yollarının olduğunu qeyd edib.

Onun sözlərinə görə, burada uşağın öz atasının kimliyinə diqqət yetirmək lazımdır:

“Elm inkişaf etdikcə bəzi məsələlər ortaya çıxır. Əgər elmi şəkildə sübut olunsa ki, kişi və qadının birgə övladı süni yolla dünyaya gələ bilər, o zaman din burada susur. Lakin din alimləri başqa kişidən dünyaya gələn uşağın halal sayılmadığını deyirlər. Hətta aralarında müsəlmanlar da olmaqla bəzi tibb alimləri belə bu fikirlə razılaşmırlar. Şəriət başqasından dünyaya gələn övladı qəbul etmir. Dinimizdə ailə başçısı kişidirsə və həyat yoldaşının bətnində olan başqa şəxsin övladıdırsa, artıq o uşaq başçının övladı sayılmır. İslam dini bunu qəbul etmir”.

İlahiyyatçı Hacı Təyyar Hüseynli də süni mayalanmanın islam dinində halal olmadığını bildirib:

“Cütlüyün öz embrionundan dünyaya təbii və ya alternativ yolla gələn uşaq halal qəbul olunur. Burada halal sayılması üçün cütlüyün, kəbinli ailənin yalnız öz embrionundan söhbət gedə bilər. İslam dini yad kişinin embrionunu başqa bir qadının bətnində formalaşdırmağa icazə vermir. Əgər kişi və qadın naməhrəmdirsə, bu zaman donor və digər alternativlər dində haram sayılır. Bir sözlə, başqa kişidən dünyaya gələn uşaq haramdır”.

Xəbər xətti