İlk mərhələdə tələbələr və təcili köməyə ehtiyacı olanlar Türkiyədən təxliyə ediləcək

17:08 - 7 Fevral 2023 - Cəmiyyət

İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçiriləcək.

Bu, Azərbaycan XİN-in Türkiyədə zəlzələ nəticəsində Azərbaycan tərəfindən görülən tədbirlər barədə mətbuat məlumatında bildirilib.

Qeyd edilib ki, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır: “Azərbaycana təxliyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şəraiti ilə bağlı məhdudiyyətlərin təxliyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır”.

Vurğulanıb ki, bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola salınacaqdır. İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyyəsi həyata keçiriləcək: "Hazırda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin bir qrup əməkdaşı quru yolu ilə təxliyyə prosesinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə zəlzələdən zərər görmüş bölgələrə ezam olunub.

Təxliyyə edilmək arzusunda olan və yuxarıda qeyd edilən 10 vilayətdən birində məskunlaşmış Azərbaycan vətəndaşları +90 536 459 40 35, +90 536 471 55 68, +90 501 031 80 80, +90 552 627 92 94 və +90 532 254 19 33 nömrələri ilə əlaqə saxlaya bilərlər".

 

Xəbər xətti