"Qan ver, yaşat"

12:40 - 1 Noyabr 2022 - Leykoz

Azərbaycanda insanlar arasında könüllü qan donorluğu artıq bir mədəniyyətə çevrilib. Bir çox hallarda insanlar sərbəst şəkildə heç bir dəvət olmadan Mərkəzi Qan Bankına yaxınlaşır və ehtiyacı olan insanlarla öz qanlarını paylaşırlar. Bu isə illərdən bəri çəkilən əziyyətlərin, həyata keçirilən tədbirlərin bəhrəsidir. Belə ki, Azərbaycanda qan ehtiyyatının yaradılması istiqamətində önəmli addımlar atılıb.  Məsələn, “2005-ci ildə Milli Məclis “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanun qəbul edib. Qanunla donorun hüquqları tənzimlənir.

2006-2010-cu və 2011-2015-ci və 2016-2020-illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramları həyata keçirilib. Donorluğun təbliği və təşviqi məqsədi ilə kütləvi informasiya vasitələrində qan donorluğuna dair mütəmadi olaraq məlumatlar yayımlanıb, təşviqinə dair bukletlər, plakatlar, vərəqələr dərc olunub, videoçarxlar buraxılıb.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin olunması həyata keçirilib, bu sahədə çalışan həkimlər və orta tibb işçiləri müvafiq təlimlər keçiblər. Qan xidməti mütəxəssislərinin xarici ölkələrdə konfrans və simpoziumlarda iştirakları təmin olunub. Həyata keçirilən tədbirlər isə əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təmin olunmasının yaxşılaşdırılmasına imkan yaradıb. Artıq ölkənin regionlarında da qan xəstəliklərindən əziyyət çəkənlərin qan üçün paytaxta gəlməsinə ehtiyac yoxdur.

129 talassemiyalı xəstə regional bölmədə qeydiyyatdadır

Regionlarda kifayət qədər donor və qan ehtiyatı var. Bu barədə Mərkəzi Qan Bankının Şəki regional bölməsinin müdiri Vüsalə İmamovanın bildirdiyinə görə, 129 talassemiyalı xəstə regional bölmədə qeydiyyatdadır. 2021-ci il ərzində 3522 nəfər qan verib. “Hər il də toplanan qanın həcmi artır, müxtəlif xəstəliklərin, o cümlədən talassemiya xəstələrinin müalicəsində istifadə olunur”. Onun sözlərinə görə, qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir. Donorun bazusu rezin jqutla sıxılır, adətən dirsək çuxurundan nazik plastik boruya birləşdirilmiş iynə ilə qan konteynerə çəkilir. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar.

Qanın bir başa xəstəyə köçürülməsi cinayətdir

Vüsalə İmamova bildirir ki, ideal vəziyyətdə bütöv qanın götürülmə müddəti 10 dəqiqədən çox çəkmir. Əgər qangötürmə müddəti 12 dəqiqədən çox olarsa, belə qan trombositlərin alınması üçün, əgər qangötürmə müddəti 15 dəqiqədən çox çəkərsə, belə qanın plazması birbaşa köçürülmə və ya koaqulyasiya faktorlarının hazırlanması məqsədilə istifadə olunmur. Götürülən qan infeksiyaya görə yoxlanılır: - sifilis, QİÇS, Hepatit C və Hepatit B. Əgər hər şey qaydasındadırsa, o zaman alınan qan emal edilir, tədarük olunur. Sonra isə porsiyalara ayrılır. Qanın bir başa xəstəyə köçürülməsi isə cinayətdir.
Xəstə bizə müraciət edəndə ona bölmədə olan və bütün prosedurlardan keçmiş hazır qanı veririk ”.

Onun sözlərinə görə, qan köçürmədə istifadə olunan qan komponentləri bütöv qanın qan bankında sentrifuqada çökdürülmə, süzülmə və doldurulma kimi üsullarla alınan müalicəvi hissələridir. “Qan komponentləri aferez üsulu ilə də hazırlana bilər. Plazma, leykosit, trombosit və eritrosit kütlələrini bu üsulla əldə etmək olar”.

Regional bölmə müdiri qeyd edir ki, donor qanından hazırlanan eritrosit kütləsi talassemiya xəstəliyinin müalicəsində istifadə edilir. Xəstəyə onun köçürülməsi əsas müalicə üsulu sayılır. Onun sözlərinə görə qandakı hüceyrələrin 99 faizdən çoxunu eritrositlər təşkil edir. Eritrosit pərdələrində 33 faiz nisbətdə tapılan hemoqlobin isə qanda oksigen daşıyan zülaldır. Oksigenin təxminən 99 faizi hemoqlobin ilə daşınar, geri qalan 1 faizlik qisim isə qan plazmasında həll olmuş şəkildə daşınır. Oksigenlə birləşmiş hemoqlobin al-qırmızı rənglidir. Hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı isə talassemiyaya səbəb olur. Beləliklə, eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir: Ağciyərlərdə oksigenli hüceyrələrə, oradan isə karbon qazını ağciyərlər daşımaqdır. Eritrositlər isə  sümük iliyində əmələ gəlir, sümük iliyi isə sümüklərin süngər maddəsində olur”.

Vüsalə İmamovanın sözlərinə görə, qan komponentlərinin saxlanılması zamanı qapalı ayırma və saxlanma sistemləri istifadə olunur və bu da bakterial çirklənmə riskini əhəmiyyətli dərəcədə azaldır.  Dondurucu və soyuducularda ehtiyat yer olmalı və onların həcmi saxlanılan məhsulları asanlıqla yoxlamağa imkan verməlidir.  Bundan başqa, qan komponentlərinin saxlandığı soyuducunun içərisində temperaturun bərabər paylanmasına önəm verilir. Avadanlıqda temperaturun qeydiyyatı və həyəcan qurğusu olmalı, asanlıqla təmizlənməliı və o, güclü təmizləyici vasitələrə davamlı olmalıdır. Bunlara çox önəm veririk”.

Mərkəzi Qan Bankının Şəki regional bölməsinin müdiri Vüsalə İmamova donorun hüquqlarına da münasibət bildirdi.

Donorun hüquqları da qanunla tənzimlənir

"Qan və onun komponentlərinin donorluğu haqqında" qanunun müddəalarında donorluqla bağlı bütün məsələlər öz əksini tapıb.  Qanunun 7-ci maddəsinə əsasən donorların tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq,  pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq, donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq, sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq hüquqları var.   Bunlardan başqa, şəxsin donorluqla əlaqədar əlilliyi müəyyən edildikdə, onun əlilliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.

Qanunla donorun vəzifələri də tənzimlənir

 8-ci maddəyə əsasən  donor olmaq istəyən şəxs keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməlidir. Eyni zamanda donor olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısı ilə tanış olmalıdır. Qeyd edək ki, sağlamlıq vəziyyəti haqqında məlumatın gizlədilməsi, yaxud bilərəkdən yanlış məlumat verilməsi resipiyentin sağlamlığında ciddi mənfi hallara səbəb olduğu və ya ola biləcəyi halda belə hərəkətlərə yol vermiş donor Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Donor barədə məlumatların qorunması isə qanunun 9-cu maddəsi ilə tənzimlənir. Maddədə bildirilir ki, qan xidməti müəssisələrinin (qan banklarının) işçiləri donor barədə bütün məlumatların məxfiliyinə əməl etməlidirlər və yalnız öz peşə fəaliyyəti dairəsində onlardan zəruri olan həddə istifadə edə bilərlər.

Aydındır ki, donorların sosial müdafiəsi də diqqət məkəzindədir. Qanunun 10-cu maddəsinə əsasən, donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar. Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunur, Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunur. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən işləyən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Qeyd edək ki, donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə, işləyən donora müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.

Beləliklə, bu  Qanun qanın, qan komponentlərinin donorluğunun inkişafı ilə əlaqədar münasibətləri tənzimləyir, qan xidmətinin təşkilinin əsaslarını müəyyən edir.
 

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti