AŞPA-nın qiymətləndirmə missiyası səsvermə prosesinin müşahidəsinə başlayıb

09:08 - 26 Sentyabr 2016 - Xəbər

AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyası səsvermə prosesinin müşahidəsinə başlayıb. Trend-in məlumatına görə, missiya üzvləri hazırda ilk müşahidələri Səbail rayonunda seçki dairəsində aparıblar.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Xəbər xətti