Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Armenpress”ə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır", - Bağdasaryan qeyd edib.
Qeyd edək ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar həmişə davam edir. Sərhəddə erməni hərbçilər tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bu faktlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlı deyil. Özünü dünya ictimaiyyətinə sülhpərvər göstərmək istəyən Ermənistan hakimiyyəti bu niyyətlərində səmimi deyil.