“Yerli” Proqramı Quba-Xaçmaz iqtisadi rayonunun kənd gənclərini maarifləndirib

13:36 - 19 Sentyabr 2016 - Cəmiyyət

16-17 sentyabr 2016-cı il tarixlərində Gənclər və İdman Nazirliyini dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonununda maarifləndirmə tədbirləri keçirilib. “Yerli” Proqramı İcra hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının 15 kəndlərini əhatə etməklə 140 gəncin iştirakı ilə baş tutub. 

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Quba və Qusar rayonlarında təşkil olunan "Erudit" region gənclərinin intellekt festivalı ARGTMŞ-ın üzvü olan "Yurd" Gənclərin İntelektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Tədbir kənd gənclərini intellektual oyunlara cəlb etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği və asudə vaxtının səmərəli keçirməsi məqsədilə təşkil olunub. Tədbirdə Quba rayonunun Ağbil, Aşağı Atuc, Aşağı Xuc, Əlibəyqışlaq, Dəlləkli, Yeni Güləzi, Vladimirovka və Qusar rayonunun Balaqusar, Həsənqala, Bədirqala kəndlərindən 80 nəfər gənc iştirak edib.
Xaçmaz, Şabran və Siyəzən rayonlarında təşkil olunan təlimlərdə isə ümumillikdə 60 nəfər gənc iştirak edib. Kəndlərdə keçirilən təlimlər "Karyera planlaşdırılması və ixtisas seçimi"  mövzusunu əhatə edib. Təlimlər zamanı gənclərə qeyd olunan mövzu ətrafında ixtisas seçərkən diqqət edilməli məqamlar və karyera quruculuğu haqqında ətraflı məlumat verilib. Daha sonra, iştirakçılar əldə etdikləri mövzu ətrafında qrup işlərində iştirak ediblər.
Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər  həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhəri və 12 rayonun 21 kənd və qəsəbələrindən 450-dən çox gəncin iştirakı ilə baş tutub. 


Xəbər xətti