Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımi, Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov və baş həkimi işləmiş Xuraman Cəfərova məhkəmədə dindiriləcək.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün belə qərar qəbul edib.
Ötən həftə zərərçəkmişlərdən biri-Tural Nəsmiyevin bu barədə vəsatət qaldırması barədə məlumat vermişdik. Bu gün bütün zərərçəkmişlər, müttəhimlər və vəkilləri vəsatəti müdafiə edib, onun təmin edilməsini istəyiblər. Prokuror da həkimlərin dindirilməsinə etiraz etməyib, qərarı məhkəmənin mülahizəsinə buraxıb.
Vəsatəti qaldıran zərərçəkmiş niyə adları çəkilən həkimlərin dindirilməsinin vacib olduğuna aydınlıq gətirib: “Direktor və baş həkim hansı əsasla Aynur Bayramovanı Mərkəzə buraxıblar?! Ona hər cür şərait yaradılıb. Bundan əlavə, mütəşəkkil dəstə yalnız bu üç qadından ibarət deyil. Bəllidir ki, onların arxasında duranlar var. Təqsirləndirilən şəxslərin aralarında olan telefon danışıqları da çıxarılsın. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir”.
Sədrlik edən hakim Azad Məcidov talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulların ələ keçirilməsi cinayəti ilə bağlı adıçəkilən həkimlərin məhkəməyə çağırılmasının zəruri olduğunu deyib. Bu səbəbdən vəsatət təmin edilib. Amma Mir Cəlal Kazımi, Valeh Hüseynov və Xuraman Cəfərova ittiham tərəfinin bütün şahidləri ifadə verdikdən sonra dindiriləcəklər.
Proses digər zərərçəkmişlərin ifadələri ilə davam edib.
Natiq Qubadov deyir ki, talassemiyadan əziyyət çəkən övladının müalicəsi üçün Aynurla Nuridəyə 83 min dollar verib. Həmin məbləğdən 16 min 500 manatını hələ də ala bilməyib. Zərərçəkmiş iş üzrə istintaqdan da narazıdır. Hesab edir ki, xanım müttəhimlər bu işi tək görməyiblər: “Bu kimdir hamını aldatsın, (Nuridəni işarə edir-red) canı-cəsədi nədir? Əminəm ki, arxasında başqa adam dayanır. İndi mənim balam sağalıb deyə bir az toxtamışam, yoxsa ciyərini çıxarardım”.
Zərərçəkmiş geri qaytarılmayan pulunu Nuridə ilə Aynurdan tələb edib.
Özünə qarşı ittihamlarla razılaşmayan Aynur yenə səsini yüksəldib. Hətta birgə mühakimə edildiyi Nuridəni təhqir edib. Aynur hərəkətlərinə görə bir neçə dəqiqəlik zaldan çıxarılıb.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.