Misli Premyer Liqasının 10-cu turunda keçirilən “Qəbələ” – “Qarabağ” matçında (0:0) ilk hissənin sonunda maraqlı insident yaşanıb.
Ucnoqta.az xəbər verir ki, “Qarabağ”ın oyunçuları Mateus Silva və Marko Yankoviç arasında nvbəti dəfə mübahisə baş verib.
Belə ki, meydanın mərkəzində komanda yoldaşları arasında kəskin sözlü mübahisə yaranıb. Digər futbolçuların müdaxiləsindən sonra braziliyalı müdafiəçi Mateus Silva sakitləşdirilib.
Baş məşqçi Qurban Qurbanov isə hadisəyə operativ reaksiya verib. O, ikinci hissənin əvvəlində, 46-cı dəqiqədə hər iki futbolçunu əvəzləyərək meydandan çıxarıb.
Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında mübahisənin emosiyalarla bağlı olduğunu bildirib. Baş məşqçi hər iki futbolçunun mütləq cəzalandırılacağını da vurğulayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Napoli” – “Qarabağ” oyununda da hər iki futbolçu arasında mübahisə baş vermişdi.
Belə ki, İtaliya komandasınınu oyunçusunun penalti vurduğu zaman Yankoviç və Mateuş Silva dalaşmışdı. Bu hadisədən sonra Qurban Qurbanov Marko Yankoviçi ardıcıl iki oyun start heyətə daxil etməmişdi.
