Böyük Britaniyada London və Kent arasında sərnişindaşıma həyata keçirən Southeastern dəmir yolu operatorunun bir neçə reysi qatarlarda taxtabitilərin aşkarlanması səbəbindən ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.
Məlumata görə, Hastings yaxınlığındakı “West Marina” deposunda taxtabitilərlə bağlı ilk məlumat sentyabrın 22-də daxil olub. Maşinistlər iş yerlərində və şəxsi əşyalarında həşəratlar aşkar etdikdən sonra yoluxmuş kabinələrə daxil olmaqdan imtina ediblər.
Maşinistlərdən biri bütün bədənini örtən qoruyucu geyim tələb etsə də, belə geyim olmadığı üçün iki qatar reysi ləğv edilib.
Hətta sərnişin daşımağa davam edən qatarlardan biri işçilər tərəfindən “Taxtabiti ekspresi” adlandırılıb. Qəzetin yazdığına görə, dispetçerlər problemdən xəbərsiz olduqları üçün qatarı xəttə buraxıblar. Bununla belə, taxtabitilərin sərnişin bölmələrində aşkar edilmədiyi bildirilir.
Depoda zərərvericilərlə mübarizə üzrə mütəxəssislər işləyir. Qəzet qeyd edir ki, taxtabitilərdən tam xilas olmaq həm bahalı, həm də vaxt aparan prosesdir.
