Hondurasın Kolon departamentində 21 yaşlı rəqqasə Sindi Loani Matute Morales qaçırıldıqdan sonra öldürülüb.
Ucnoqta.az xəbər verir ki, Santa-Rosa-de-Aquan şəhərindən olan Morales sentyabrın 5-də axşam saatlarında yoxa çıxıb. O, dostları ilə görüşərək əyləncəyə getməli olub. Lakin evdən çıxdıqdan qısa müddət sonra telefon zənglərinə cavab verməyib.
Sentyabrın 6-da onun yanmış meyitinin qalıqları qəbiristanlığın yaxınlığındakı çimərlikdə aşkarlanıb.
Rəqqasənin anasının sözlərinə görə, qızı son vaxtlar təhlükəsizliyindən narahat olub. O, işindən ayrılaraq başqa əraziyə köçüb, çünki naməlum şəxslərin onu izlədiyini düşünürmüş. Anası həmçinin bir dəfə avtomobildə olan bir neçə kişinin onları təqib etdiyini bildirib.
İstintaq zamanı məlum olub ki, Morales sonuncu dəfə tanışlarının heç birinin tanımadığı bir qadının yanında görülüb. Hüquq-mühafizə orqanları onun həyatının son saatlarını bərpa etməyə və hadisənin şübhəlilərini müəyyənləşdirməyə çalışır.
