Bu gün əsasən qadınlarla əlaqələndirilən bir sıra geyim və aksessuarların tarixçəsi əslində kişilərin qarderobundan başlayıb. Bəziləri hakimiyyət və var-dövlət göstəricisi olub, digərləri isə praktiki məqsədlərlə istifadə edilib.
Ucnoqta.az xəbər verir ki, ukraynalı dizayner Andre Tan sosial şəbəkədə paylaşımında əvvəlcə kişilər arasında istifadə olunan, sonradan isə qadın modasının ayrılmaz hissəsinə çevrilən əşyalar barədə məlumat verib.
Makiyaj
Makiyajdan kişilər qadınlar arasında geniş yayılmasından əsrlər əvvəl istifadə etməyə başlayıblar. Aристokratlar kosmetikadan yüksək sosial status və hakimiyyətin göstəricisi kimi yararlanırdılar.
Pariklər
Pudralanmış pariklər bir vaxtlar kişilər üçün status və zənginlik simvolu sayılırdı. Onlardan əsasən cəmiyyətin yüksək təbəqəsinə mənsub şəxslər istifadə edirdi.
Çantalar
Kişilər qadın çantaları dəbə çevrilməzdən çox əvvəl pul və sikkələr üçün kisə və pulqabılar daşıyırdılar. Zaman keçdikcə bu aksessuar qadın qarderobunun əsas elementlərindən birinə çevrildi.
Çorablar
Bu gün qadın geyiminin bir hissəsi kimi qəbul edilən çorablar tarixən kişilərin də geyimində mühüm yer tutub. Xüsusilə zadəganlar onları var-dövlət və yüksək sosial mövqelərini nümayiş etdirmək üçün geyinirdilər.
Çəhrayı rəng
Çəhrayı rəngin yalnız qadınlarla əlaqələndirilməsi nisbətən yeni tendensiyadır. 1940-cı illərə qədər çəhrayı bəzi cəmiyyətlərdə daha çox oğlanlarla, mavi isə qızlarla əlaqələndirilirdi.
Krop-toplar
Krop-topların tarixində də kişilərin rolu var. Onların meydana çıxmasının səbəblərindən biri futbolçuların oyun zamanı rəqiblərin formanı tutmasının qarşısını almaq üçün köynəklərinin aşağı hissəsini kəsməsi ilə əlaqələndirilir.
Hündürdaban ayaqqabılar
Hündürdaban ayaqqabılar da əvvəlcə kişilər tərəfindən istifadə olunub. İlk dövrlərdə dabanlı ayaqqabılar praktik və status göstəricisi kimi kişilərin geyimində yer alırdı. Sonralar isə hündürdaban ayaqqabılar qadın modasının əsas elementlərindən birinə çevrildi.
