Əməkdar jurnalist Səadət Məmmədova Bolmart mağazasından aldığı qarabaşaq çörəyində şübhəli ləkələr və kif aşkar etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, dünən axşam Bolmart mağazasından N1 markasının istehsalı olan qarabaşaq çörəyi alıb. Qlüten həssaslığına görə adətən bu növ çörəklərə üstünlük verdiyini bildirən jurnalist məhsulun 3 manata satıldığını vurğulayıb.
S.Məmmədovanın sözlərinə görə, səhər çörəyi yemək istəyərkən dilimlərdən birinin üzərində ağ ləkə görüb. Əvvəlcə bunun un olduğunu düşünsə də, ləkənin getmədiyini və fərqli bir maddəyə bənzədiyini anlayıb. Onun sözlərinə görə, çörəyin üzərindəki açıq çəhrayımtıl ləkənin qoxusu divar boyasını xatırladıb. Jurnalist bunun boya, yoxsa kif növü olduğunu müəyyən edə bilmədiyini qeyd edib.
O bildirib ki, çörəyin üç dilimində belə ləkələr olub, alt dilimlərdə isə adi kif müşahidə edib. S.Məmmədova məhsulun köhnə olduğunu ehtimal etdiyini, lakin çörəyin üzərində boya təsiri bağışlayan ləkələrin necə əmələ gəldiyinin aydın olmadığını vurğulayıb.


