İsveç hökuməti mütəşəkkil cinayətkar qruplaşmalarda iştirakın cinayət əməli kimi tanınmasını, ən ağır hallarda isə qruplaşma liderlərinə ömürlük həbs cəzasının tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Ucnoqta.az bildirir ki, bu barədə ölkənin Baş naziri Ulf Kristersson mətbuat konfransında məlumat verib.
Qanun layihəsinin 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni cəza şkalasına əsasən, cinayətkar qruplaşmaya sadəcə üzvlük 4 ilədək, ağırlaşdırıcı hallarda iştirak 2 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qruplaşma liderləri isə 2 ildən 18 ilədək həbs və ya ömürlük həbs cəzasına məhkum edilə biləcəklər.
Yeni qanun cinayətlərin icraçılarına, onların əlbir və köməkçilərinə, həmçinin cinayətkar birliklərin rəhbərlərinə şamil olunacaq.
Qanun layihəsində cinayətkar qruplaşma ikidən çox şəxsin uzun müddət ərzində iqtisadi və ya digər qanunsuz fayda əldə etmək məqsədilə cinayət fəaliyyəti ilə məşğul olduğu və ya belə fəaliyyətə yardım etdiyi qrup kimi müəyyənləşdirilir.
