Aşağı miqrasiya, doğum səviyyəsinin azalması və əhalinin qocalması İsveçin əhalisinin 2100-cü ilədək 4 milyon nəfər azalmasına səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sveriges Radio hökumətin sifarişi ilə Lund Universitetinin milli iqtisadiyyat kafedrasının dosenti Osa Hanssonun rəhbərlik etdiyi ekspertlər qrupunun hazırladığı hesabatda təqdim olunan ssenarilərdən birinə istinadən məlumat yayıb.
Hansson bildirib ki, əhalinin azalmasının iqtisadiyyata təsirinə ayrıca baxıldıqda, bunun İsveç iqtisadiyyatı üçün ciddi nəticələri ola bilər. Onun sözlərinə görə, ölkədə gənclərin həyatını asanlaşdırmağa daha çox resurs yönəltmək lazımdır.
Svenskt Näringsliv sənaye birliyinin baş iqtisadçısı Sven-Ulof Dönfeldtin fikrincə isə İsveçin daha çox əmək miqrasiyasına ehtiyacı var. O qeyd edib ki, hazırda ölkədə kadr çatışmazlığı yaşanan bir çox peşə sahəsi mövcuddur və bu problemin həlli üçün əmək miqrasiyası tələb olunur.
Hazırda İsveçin əhalisi təxminən 10,6 milyon nəfərdir.
