Nepal dağıdıcı daşqın nəticəsində 469 nəfərin həyatını itirməsindən sonra bir neçə ölkənin axtarış-xilasetmə qruplarını göndərmək təklifindən imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Kathmandu Post qəzeti məlumat yayıb. Respublika hakimiyyəti bildirib ki, ölkənin öz təhlükəsizlik qüvvələri belə əməliyyatların öhdəsindən gəlmək iqtidarındadır.
Nepal Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, xarici ölkələrin yardım təklifləri tamamilə təbiidir. Lakin hazırda Nepalın təhlükəsizlik qüvvələri axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir və belə yardıma ehtiyac yoxdur.
Qəzetin məlumatına görə, hökumət bu qərarı Nepal ordusu və polisinin tövsiyəsi əsasında qəbul edib.
Nepallı məmurlardan birinin sözlərinə görə, qərar verilərkən 2015-ci il zəlzələsindən sonra aparılan axtarış-xilasetmə işlərinin təcrübəsi də nəzərə alınıb. Həmin vaxt xarici xilasedicilərin ölkəyə çoxsaylı gəlməsi və müxtəlif ölkələr arasında yaranan rəqabət əməliyyatların əlaqələndirilməsi və idarə olunmasında ciddi problemlərə səbəb olmuşdu.
