Bir çox insan yaş artdıqca yaddaşın zəifləməsini və düşünmə qabiliyyətinin azalmasını qaçılmaz hesab edir. Lakin təxminən 4 min nəfərin iştirak etdiyi üçillik araşdırma göstərib ki, beyin sağlamlığını həyatın istənilən mərhələsində qorumaq və inkişaf etdirmək mümkündür.
Ucnoqta.az bildirir ki, tədqiqatda 19-94 yaş arası iştirakçıların nəticələri yaxşılaşıb. Onlarda düşüncə aydınlığı, diqqət, yaddaş, emosional rifah və müxtəlif yüklərə uyğunlaşma qabiliyyətində müsbət dəyişikliklər müşahidə olunub. Xüsusilə araşdırmaya daha aşağı göstəricilərlə başlayan iştirakçılarda nəzərəçarpan irəliləyiş qeydə alınıb.
Mütəxəssislər bunu neyroplastiklik, yəni beynin yeni əlaqələr yaratmaq və öz fəaliyyətini dəyişdirmək qabiliyyəti ilə izah edirlər. Bu xüsusiyyət yaşla tamamilə yox olmur və yeni bilik və bacarıqların öyrənilməsinə imkan verir.
Araşdırmanın nəticələrinə görə, gündə cəmi 5-15 dəqiqə beyin məşqlərinə vaxt ayıran və sağlam vərdişlərə əməl edən insanlar daha yaxşı nəticələr göstəriblər.
Mütəxəssislər aşağıdakı vərdişləri tövsiyə edirlər:
çoxlu işi eyni anda görməyə çalışmamaq;
müntəzəm hərəkət etmək;
sağlam qidalanmaq, xüsusilə Aralıq dənizi qidalanma prinsiplərinə üstünlük vermək;
kifayət qədər yatmaq;
gün ərzində qısa müddət ərzində telefondan və digər cihazlardan uzaq qalmaq;
daim yeni bilik və bacarıqlar öyrənmək;
xarici dil, musiqi, rəsm, şahmat kimi zehni aktivlik tələb edən məşğuliyyətlərə vaxt ayırmaq;
yaxın insanlarla ünsiyyəti qorumaq.
Araşdırmanın əsas nəticəsi belədir: beyin sağlamlığının qayğısına qalmağa başlamaq üçün heç vaxt gec deyil. Kiçik, lakin müntəzəm gündəlik addımlar uzun müddət ərzində düşüncə aydınlığının və beyin sağlamlığının qorunmasına kömək edə bilər.
