Orta hesabla bir istifadəçi gündə təxminən 6 saatını telefonda keçirir və ekranın kilidini saatda iki dəfə açır. Yəni təxminən hər yarım saatdan bir, hətta telefonda vacib heç nə olmasa belə, insanın əli avtomatik olaraq smartfona uzanır.
Ucnoqta.az bildirir ki, məlum olub ki, smartfondan istifadənin azaldılmasında əsas məsələ iradə və sərt məhdudiyyətlər deyil. Əsas amillərdən biri məqsədi insanın özünün seçməsidir.
Hindistan və İspaniyadan olan alimlər bu yanaşmanı 149 könüllü üzərində sınaqdan keçiriblər. İştirakçılar 35 gün ərzində üç qrupa bölünüb.
Birinci qrupda iştirakçılar ekran vaxtını 10, 20 və ya 30 faiz azaltmaq məqsədini özləri seçiblər.
İkinci qrupda məqsəd tədqiqatçılar tərəfindən müəyyən edilib. Onlardan ekran vaxtını 14 faiz azaltmaları tələb olunub.
Üçüncü qrup isə nəzarət qrupu olub və onlara heç bir məqsəd qoyulmayıb.
Məqsədi olan iştirakçılara hər uğurlu gün üçün kiçik pul mükafatı da verilib. Telefon istifadəsinin müddəti avtomatik qeydə alınıb. Əsas mərhələdən sonra iştirakçılar daha 28 gün ərzində mükafatsız müşahidə olunublar.
Öz məqsədini seçənlər daha yaxşı nəticə göstərib
Ən yaxşı nəticə məqsədlərini özləri müəyyən edən qrupda qeydə alınıb. Onlar ekran vaxtını gündə orta hesabla 49 dəqiqə azaldıblar.
Məqsədi tədqiqatçılar tərəfindən müəyyən edilən qrupda azalma 23 dəqiqə təşkil edib.
Heç bir məqsəd qoyulmayan nəzarət qrupunda isə əksinə, telefondan istifadə müddəti gündə 11 dəqiqə artıb.
Tədqiqatın daha maraqlı nəticəsi isə təsirin mükafatlar dayandırıldıqdan sonra da davam etməsidir. Öz məqsədini seçən iştirakçılar telefonla əvvəlkindən təxminən 16 dəqiqə az vaxt keçiriblər. Digər məqsəd qrupunda bu göstərici 11 dəqiqə olub.
Alimlər hesab edirlər ki, insan özünün müəyyən etdiyi məqsədə daha çox bağlı olur. Bundan əlavə, özü seçdiyi hədəf adətən daha real və əlçatan olduğundan, ona çatmaq və vərdişi davam etdirmək daha asan olur.
