Almaniya, Böyük Britaniya, Fransa və İtaliya İsrailin Qüds yaxınlığındakı E-1 ərazisində yəhudi məskənləri üçün yaşayış binalarının tikintisi ilə bağlı planlarını qəbuledilməz hesab edib.
Ucnoqta.az xarici mətbuata istinadən bildirir ki, dörd ölkənin liderləri birgə bəyanat yayaraq İsrail hökumətini planları dərhal geri götürməyə və İordan çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsini dayandırmağa çağırıblar.
Bəyanatda qeyd olunub ki, E-1 ərazisində yeni məskunlaşmanın salınması İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həlli perspektivlərinə zərər vura və İordan çayının qərb sahilinin ərazi bütövlüyünü poza bilər.
Avropa ölkələri həmçinin beynəlxalq hüququn İordan çayının qərb sahilində İsrail məskənlərini qanunsuz hesab etdiyini vurğulayıblar.
Onlar şirkətləri E-1 ərazisində tikinti tenderlərində iştirak etməməyə çağırıb və belə layihələrin hüquqi və reputasiya baxımından ciddi nəticələr yarada biləcəyini bildiriblər.
