Smartfon və digər elektron cihazların uşaqların inkişafına təsiri ilə bağlı Finlandiyada aparılan səkkizillik araşdırma maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, ekran qarşısında keçirilən vaxtın təsiri uşağın cihazdan necə istifadə etməsindən asılı ola bilər.
Ucnoqta.az xəbər verir ki, araşdırma Yyväskylä Universitetinin mütəxəssisləri tərəfindən PANIC layihəsi çərçivəsində aparılıb. Tədqiqatda 260 uşaq iştirak edib və alimlər onları ibtidai məktəb yaşlarından 16 yaşa qədər izləyiblər.
Səkkiz il ərzində uşaqların smartfon, planşet və kompüterdən istifadə müddəti, həmçinin fiziki aktivliyi qeydə alınıb. Araşdırmanın sonunda iştirakçılar işçi yaddaş, diqqəti cəmləmə və yeni məlumatları emal etmə sürətini yoxlayan testlərdən keçiblər.
Nəticələr gözlənilməz olub. Uşaqlıq dövründə ekran qarşısında daha çox vaxt keçirən yeniyetmələr məlumatların emalı ilə bağlı tapşırıqları daha yaxşı yerinə yetiriblər. Onların lazım olan məlumatı seçmək, vəziyyəti təhlil etmək və qərar vermək bacarıqlarının daha yaxşı olduğu müşahidə edilib.
Tədqiqatçılar bunun ekran qarşısında keçirilən vaxtın məzmunu ilə bağlı ola biləcəyini vurğulayırlar. Məsələn, dərslər üçün məlumat axtarmaq, məntiqi oyunlar oynamaq, strategiyalar qurmaq və müxtəlif tapşırıqlar arasında keçid etmək uşağın düşünmə və reaksiya bacarıqlarını inkişaf etdirə bilər.
Bununla belə, ekran qarşısında keçirilən bütün vaxtın faydalı olduğu qənaətinə gəlmək düzgün deyil. Passiv şəkildə saatlarla qısa videolara baxmaqla aktiv və düşünmə tələb edən rəqəmsal fəaliyyətlər arasında ciddi fərq var.
Araşdırmanın nəticələri göstərir ki, əsas məsələ yalnız uşağın ekran qarşısında nə qədər vaxt keçirməsi deyil, həmin vaxt ərzində nə ilə məşğul olmasıdır.
