OPEC-in proqnozuna görə, 2050-ci ilə qədər dünya əhalisi təxminən 1,4 milyard nəfər artaraq 9,7 milyarda çatacaq.
Ucnoqta.az xəbər verir ki, təşkilatın 2026-cı il üzrə ətraf mühit, iqlim və davamlı inkişafla bağlı illik hesabatının ilk nəşrində qeyd olunur ki, həmin dövrədək insan fəaliyyəti dünya iqtisadiyyatının həcmini təxminən iki dəfə artıra bilər. Bu isə ətraf mühitə insan təsirinin də artmasına səbəb ola bilər.
Hesabatda vurğulanır ki, iqlim dəyişikliyi və digər ekoloji problemlər insanların həyatının və cəmiyyətin inkişafının təmin edilməsi üçün zəruri fəaliyyətlərlə bağlıdır. Davamlı inkişaf isə ətraf mühitin qorunması ilə insan inkişafının bir-birini tamamlamasını tələb edir.
OPEC hesab edir ki, müxtəlif mövqelərin anlaşılması və yaxınlaşdırılması praktik, səmərəli, inklüziv və ədalətli həllərin hazırlanmasına kömək edə bilər.
