ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında populyarlıq reytinqi 33 faizə enib. Bu, onun 20 yanvar 2025-ci ildə keçirilən andiçmə mərasimindən sonra ən aşağı göstəricidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “Ipsos” beynəlxalq araşdırma xidmətinin birgə keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğuda iştirak edənlərin 33 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyib, 64 faizi isə onun fəaliyyətini bəyənmədiyini bildirib. Respondentlərin qalan hissəsi suala cavab verməyib.
Sorğunun nəticələrinə görə, iştirakçıların 80 faizi ABŞ-İran münaqişəsinin uzun sürəcəyini düşünür. Respondentlərin 16 faizi isə qarşıdurmanın bir neçə həftə ərzində başa çatacağını hesab edir.
“Reuters” və “Ipsos”un mütəmadi keçirdiyi araşdırmalara əsasən, Trampın ikinci prezidentlik müddətində reytinqi indiyədək 34 faizdən aşağı düşməyib. Bu göstərici cari ilin aprel və iyun aylarında qeydə alınıb.
Trampın fəaliyyətinə ən yüksək dəstək isə 2025-ci ilin yanvarında olub. Həmin vaxt respondentlərin 47 faizi onun fəaliyyətini müsbət qiymətləndirib.
Trampın ilk prezidentlik dövründə də onun reytinqi 2017-ci ilin dekabrında 33 faizə qədər enmişdi.
Sorğu 14–17 avqust tarixlərində ABŞ-da yaşayan 1 166 yetkin respondent arasında keçirilib.
