Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) baş əməliyyat direktoru, fransalı Kevin Lamour vəzifəsini tərk edib.
Ucnoqta.az bildirir ki, bu barədə FIFA “The Athletic” portalına açıqlamasında məlumat verib.
“FIFA Kevinə iki illik xidmətinə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır. Bu məsələ ilə bağlı əlavə şərh verilməyəcək”, – qurumun açıqlamasında bildirilib.
“Sky” telekanalının məlumatına görə, Lamourun vəzifədən ayrılması onun FIFA prezidenti Canni İnfantinonu tənqid etməsi ilə bağlıdır.
Lamour iyul ayında “Associated Press” agentliyinə müsahibəsində FIFA əməkdaşlarının İnfantinonun təşkilatın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək FIFA Forward Enterprise şirkətinin yaradılması planı barədə yanlış məlumatlandırıldığını bildirib.
İnfantinonun fikrincə, FIFA Forward Enterprise şirkətinin yaradılması FIFA üzvü olan assosiasiyaların gəlirlərini artırmağa və dünya futbolunun inkişafına töhfə verə bilərdi. FIFA bu təşəbbüsün 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.
Lakin təşəbbüs FIFA rəsmiləri, milli federasiyalar və digər təşkilatlar tərəfindən ciddi tənqid olunub. Jurnalist Romen Molina isə İnfantinonun təşkilat daxilində dəstəyini itirdiyini və yaxın zamanda vəzifədən gedə biləcəyini iddia edib.
