Siciliyanın Messina şəhərində İntibah dövrünün məşhur rəssamı Antonello da Messinanın əsərlərinin muzeydən oğurlanması ilə bağlı araşdırma aparan müstəntiqlər cinayətkarların istifadə etdiyi ehtimal olunan mikroavtobusu aşkarlayıblar.
Ucnoqta.az xəbər verir ki, “Corriere della Sera” qəzetinin yazdığına görə, nəqliyyat vasitəsi şəhərin kənarında, müşahidə kameralarından uzaq, kimsəsiz ərazidə tərk edilmiş vəziyyətdə tapılıb.
Araşdırmanı incəsənət sahəsində cinayətlərlə mübarizə üzrə ixtisaslaşmış karabinyerlərin xüsusi bölməsi aparır. İstintaqçılar oğruların daha sonra başqa avtomobilə keçdiyini ehtimal edirlər.
Oğurluq avqustun 15-də axşam saatlarında Antonello da Messinanın əsərlərinin nümayiş etdirildiyi Messina Regional Muzeyində baş verib. Oğurlanan əsərlər arasında San-Qreqorio poliptixinin beş panelindən üçü və üzərində Məryəm və Məsihin təsvir olunduğu ikiüzlü panel var.
Məlumata görə, cinayətkarlar əvvəlcə poliptixin bütün beş panelini muzeydən çıxarıblar, lakin sonradan ikisini hasarın yanında qoyublar. Oğurlanan əsərlərin dəyəri açıqlanmayıb.
İncəsənət mütəxəssisləri hadisəni 1969-cu ildə Palermodakı kilsədən Karavaccionun “Müqəddəs Fransisk və Müqəddəs Lavrenti ilə Milad” əsərinin oğurlanması ilə müqayisə edirlər. Həmin tablo bu günədək tapılmayıb.
Məşhur sənət tarixçisi Vittorio Sqarbi oğurluğu peşəkar olmayan şəxslərin törətdiyini düşünür. Onun fikrincə, belə məşhur əsərləri satmaq demək olar ki, mümkün deyil. Digər versiyaya görə isə oğurluq sifariş əsasında həyata keçirilib.
Hazırda Siciliyanın bütün liman və hava limanlarında nəzarət gücləndirilib.
