Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli forması tətbiq olunur. Məktəblər təsdiq edilmiş formalar arasından seçim edə bilirlər və şagirdlər həmin formaya uyğun geyinməlidirlər.
Ucnoqta.az-a müraciət edən bir qrup valideyn yeni təmayül tədris modeli təşkil olunacaq Bakı şəhəri Elçin Mansurov adına 88 nömrəli tam orta ümumtəhsil məktəbində əvvəlki tədris ilindən fərqli yeni məktəbdaxili geyim qaydalarının tətbiq olunacağı qərarı ilə bağlı narahatlıqlarını bildiriblər. Valideynlər qeyd ediblər ki, bu qərar məktəbli forması, dərs ləvazimatları və digər zəruri ehtiyaclarla bağlı əlavə maliyyə xərcləri yaradacaq və bu, ailələrin büdcəsinə əlavə yük salacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir:
“Həmçinin qərarda qeyd edilir ki, geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir. Yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərə də eyni qaydalar şamil olunur”.
BŞTİ-dən bildirilib ki, qeyd edilən 88 nömrəli tam orta ümumtəhsil məktəbində də valideynlərin ümumi rəyi və Pedaqoji Şuranın qərarı ilə növbəti dərs ilindən yeni geyim formasının tətbiq edilməsi nəzərdə tutulur:
“Həmçinin onu da qeyd edək ki, yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Valideynlərə məktəbdaxili qaydalara və məktəb icmasının ümumi rəyinə hörmətlə yanaşmaları tövsiyə olunur” – açıqlamada qeyd olunub.
