İsrail ordusu 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumda iştirak etdiyini iddia etdiyi daha bir radikalın Qəzza zolağında keçirilən hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının cənubunda həyata keçirilən dəqiq hava zərbəsi nəticəsində Kətaib əl-Mücahidin Briqadalarının komandiri olduğu deyilən Əhməd Hüseyn Məhəmməd Kafina öldürülüb.
İsrail ordusunun iddiasına görə, o, 7 oktyabr 2023-cü ildə Fələstin silahlı qruplaşmalarının İsrailə hücumunda iştirak edib və iki İsrail vətəndaşı ilə bir Tayland vətəndaşının girov götürülməsində birbaşa rol oynayıb.
Hərbi açıqlamada həmçinin qeyd olunub ki, Kafina sonrakı dövrdə də Qəzza zolağında İsrail qüvvələrinə qarşı hərbi fəaliyyətini davam etdirib. Bu iddialarla bağlı müstəqil təsdiq təqdim olunmayıb.
