Litva təbii qaz tədarükü ilə bağlı ABŞ-ın EQT Corporation şirkəti ilə 10 illik müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, dövlətə məxsus enerji şirkəti Ignitis ilə EQT Corporation arasında imzalanan müqaviləyə əsasən, 2027-2036-cı illər ərzində Litvaya hər il təxminən 1 TVt/saat həcmində qaz tədarük ediləcək.
Nazirliyin məlumatına görə, bu həcm ölkənin təbii qaza olan tələbatının təxminən 40 faizini qarşılayacaq.
Litvanın energetika naziri Lukas Savitskas bildirib ki, müqavilə ölkənin qaz təminatı sahəsində həssaslığının azaldılması istiqamətində konkret addımdır.
Onun sözlərinə görə, Avropa bazarında qazın qiymətinin gözlənilmədən artması halında təchizat mənbələrinin şaxələndirilməsi Litva istehlakçıları üçün mümkün mənfi təsirləri azaltmağa kömək edə bilər.
Qeyd edək ki, Litva hazırda mayeləşdirilmiş təbii qazı (LNG) Norveç və ABŞ-dan alır. Ölkə həmçinin Polşadan boru kəməri vasitəsilə təbii qaz əldə edə bilər.
Litvanın qaz ehtiyatları isə Latviyanın İnçukalnis yeraltı qaz anbarında saxlanılır.
