Xəbər verildiyi kimi, avtobusların yüksək intensivliklə hərəkətini təmin etmək məqsədilə AYNA tərəfindən Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.
Ucnoqta.az xəbər verir ki, lakin yeni tətbiqin həmin istiqamətdə nəqliyyat sıxlığını daha da artırdığı müşahidə olunur. Belə ki, Mikayıl Müşfiq küçəsindən başlayan tıxac Statistika Komitəsinə qədər uzanıb. Sıxlıq səbəbindən çox sayda sərnişin avtobusu da yolda qalıb.
Xüsusilə Nəriman Nərimanov heykəlinin arxasındakı ərazidə vəziyyət daha da çətinləşib. Burada bir neçə yol ayrıcının yaratdığı “butulka effekti” səbəbindən təxminən 150-200 metrlik dar hissədə AYNA tərəfindən avtobuslar üçün ayrıca hərəkət zolağı ayrılıb.
Sakinlərin sözlərinə görə, əvvəllər də həmin ərazidə sıxlıq müşahidə olunurdu. Lakin hazırda avtobusların cəmi 150-200 metrlik məsafəni keçməsi üçün 40-50 dəqiqəyə qədər vaxt tələb olunur.
Sözügedən ərazidə Nəriman Nərimanov heykəlinin yanından Statistika Komitəsi istiqamətində hərəkət zamanı təxminən 100 metr sonra geriyə dönüş, daha sonra isə Milli Dram Teatrı istiqamətində dönmə imkanı var. Həm sağa, həm də sola dönmələrin olması səbəbindən yolun təxminən 200 metrlik hissəsi onsuz da daralır və burada gündəlik olaraq sıxlıq yaranırdı.
Nəticədə nəqliyyatın hərəkəti üçün onsuz da məhdud olan yolun bir hissəsinin avtobuslara ayrılması digər nəqliyyat vasitələrinin hərəkətini daha da çətinləşdirib. Bu isə ərazidə əvvəlki sıxlığın daha da artmasına səbəb olub.
Sürücülər və ərazidə hərəkət edən sərnişinlər yaranmış vəziyyətin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədinə nə dərəcədə uyğun olduğunu sual edirlər.

