Uqanda hakimiyyəti ölkədə may ayında qeydə alınmış Ebola epidemiyasının başa çatdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
“Uqanda rəsmi olaraq Eboladan azaddır”, – deyə səhiyyə naziri Kris Baryomunsi vurğulayıb.
Onun sözlərinə görə, bu qərar ölkə daxilində virusa yoluxmuş son xəstənin iyunun 16-da xəstəxanadan buraxılmasından sonra başlayan 42 günlük müşahidə müddətinin uğurla başa çatması əsasında qəbul edilib.
Rəsmi məlumatlara görə, Uqandada ümumilikdə 20 Ebola yoluxması təsdiqlənib. Onlardan 15-i qonşu Konqo Demokratik Respublikasından gətirilmiş yoluxma halları olub, 5 nəfər isə virusa ölkə daxilində yoluxub. Xəstələrdən ikisi – hər ikisi Konqo Demokratik Respublikasının vətəndaşı – həyatını itirib, 18 nəfər isə sağalıb.
Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 17-də bildirmişdi ki, Uqandada gücləndirilmiş 42 günlük epidemioloji nəzarət dövrü yalnız iyulun 16-da, Ebola virusuna yoluxmuş son xəstənin – Konqo Demokratik Respublikasından gəlmiş şəxsin – xəstəxanadan buraxılmasından sonra başlayıb.
ÜST-nin qaydalarına əsasən, bu müddət ərzində yeni yoluxma halı qeydə alınmazsa, epidemiya rəsmi olaraq başa çatmış hesab olunur.
