Myanma parlamenti onlayn fırıldaqçılıq mərkəzlərində insanları məcburi əməyə cəlb edən cinayətkarlar üçün ölüm cəzasına qədər sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, parlamentin yuxarı palatasının sədri Aung Lin Dwe bildirib ki, aşağı palata ilə aparılan məsləhətləşmələrdən sonra qanun layihəsinə edilən düzəlişlər təsdiqlənib.
May ayında ictimaiyyətə təqdim olunan qanun layihəsində onlayn fırıldaqçılıq şəbəkələrində məcburi əməkdən istifadə edən şəxslər üçün 10 ildən ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Bundan əlavə, zorakılıq, işgəncə, qanunsuz azadlıqdan məhrum etmə və ya şəxslərin onlayn fırıldaqçılıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsi kimi ağır cinayətlərə görə ölüm cəzasının tətbiqi də qanunda əksini tapıb.
Təsdiqlənmiş qanunvericiliyə əsasən, əgər onlayn fırıldaqçılıq qurbanı məruz qaldığı zorakılıq nəticəsində həyatını itirərsə, məhkəmə təqsirləndirilən şəxs barəsində ölüm cəzası hökmü çıxara biləcək.
Yeni qanunun ölkədə fəaliyyət göstərən transmilli onlayn fırıldaqçılıq şəbəkələrinə qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıdığı bildirilir.
