İran Prezidenti Şahin Mustafayevi qəbul edib

16:10 - 14 Oktyabr 2024 - SİYASƏT

İran Prezidenti Şahin Mustafayevi qəbul edib.

APA xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.

Bu gün İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İki ölkənin tarixi və mədəni ortaqlığına toxunan Pezeşkian Azərbaycanla İran arasında münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıb.

İran Prezidenti həmçinin iki ölkə arasında razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Pezeşkian bildirib ki, İran iki ölkə arasında dəmir və avtomobil yollarının yaradılmasını alqışlayır, eyni zamanda, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişlənməsini istəyir.

Şahin Mustafayev isə öz növbəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduğunu bəyan edib. Baş nazirin müavini iki ölkə arasında iqtisadiyyat, ticarət, energetika, mədəniyyət, tranzit və ümumi yol və dəmir yolu xətlərinin tamamlanması və inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Şahin Mustafayev İran Prezidentinin gələn ay Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Qəbul zamanı bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Xəbər xətti