"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
Ucnoqta.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Əsas da azlıqda qalanda bəzən futbolçuların xarakteri üzə çıxır. Komandanın xarakteri daha çox bu cür hallarda bilinir. Uduzmaq istəmirdilər. Meydanda olan mübarizədən görünürdü. Düşünürəm ki, yaxşı oyun oldu. Azarkeşlər üçün də baxımlı matç keçdi. Hər iki komandanın azarkeşlərinə təşəkkürümü bildirirəm. Yaxşı futbol ab-havası var idi. "Neftçi"yə uğurlar arzulayıram".
Mütəxəssis futbolçusu Kevin Medinanın qırmızı vərəqə almasından da danışıb: "Bu cür oyunlarda sərt hərəkət etmək olmaz. Sadəcə o dəqiqələrdə böyük ehtimal ki, "Neftçi" azarkeşləri Medinaya qarşı nalayiq ifadələr işlədirdilər. İstər-istəməz təsir etdi. Amma hər bir halda bütün futbolçularıma demişəm ki, bu cür hallar olur və oyundan çıxmalı deyillər. Meydana bu cür çıxmaq olmaz.
İnsandır, bəzən hisslərini qoruyub saxlaya bilmir. Başa düşürəm. Hər bir halda hər insan nə edirsə özünə edir. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Çalışmalıdılar ki, daha diqqətlə oynasınlar. Onsuz da öz cəzasını özü verdi. Neçə oyun buraxacaq, cərimə olunacaq... Amma futbolun gözəlliyindən biri budur. Qırmızı vərəqə aldı, ondan sonra isə 10 nəfərlə qalib gəldik. Bu cür qalibiyyətlərin başqa dəyəri var. Təkcə üç xal üçün yox, ümumiyyətlə, komanda üçün belə oyunların köməyi olur. Hər tərəfli faydalı oldu".