Fevralın 19-u axşamdan 22-si günorta saatlarına qədər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi bölgələrdə qar yağacağı gözlənilir.
Ucnoqta.az xəbər verir ki, şimal-qərb küləyi güclənəcək, temperatur ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı düşəcək.
Bakıda və Abşeronda fevralın 19-dan etibarən yağış, 20-si səhər bəzi yerlərdə sulu qar, axşama doğru isə qar yağacağı ehtimal edilir. Aran rayonlarında temperatur 0-5 dərəcə, dağlıq ərazilərdə isə mənfi 10-20 dərəcə arasında dəyişəcək.
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda, Abşeron yarımadasının bəzi ərazilərində və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib:
"Gecə saatlarında temperaturun aşağı düşməsi nəticəsində yolların sürüşkən olması gözlənilir. Xüsusilə küləkli, enişli-yoxuşlu yollar, körpülər və açıq ərazilər risk altındadır. Bu səbəbdən DYP sürücülərdən nəqliyyat vasitələrini mövsümi təkərlərlə təchiz etməyi, texniki baxımdan yararsız avtomobillərlə yola çıxmamağı və mümkün qədər səfərləri günün işıqlı saatlarında planlaşdırmağı tövsiyə edir.
Bundan əlavə, təcrübəsiz sürücülərin sükan arxasına keçməməsi, piyadaların isə yolun hərəkət hissəsinə çıxmamaqla yanaşı, təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir.
DYP hər kəsi ehtiyatlı olmağa və qəzalardan qorunmaq üçün qaydalara ciddi riayət etməyə çağırır".