Böyük Şor və Zığ gölünün bərpasına başlanılır

14:20 - 18 Noyabr 2024 - Xəbər

COP29 çərçivəsində Azərbaycan Milli Pavilyonunda Abşeron göllərinin bərpası və iqlimədayanıqlı şəhər atmosferinin yaradılması ilə bağlı müzakirələr keçirilir. Burada əsas məqsəd Abşeron göllərinin bərpası istiqamətində görülən işlər və nəzərdə tutulan yeni tədbirlərlə bağlı məlumatların verilməsidir.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

F.Mütəllimov göllərin mühafizəsinin şəhər dayanıqlılığında və şəhər həyatındakı vacib rolunu vurğulayaraq bildirib: “Hazırda müzakirələrdə həm ETSN, həm də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Abşeronda göllərin bərpası istiqamətində 2014-2015-ci illərdə Böyük Şor gölünün şərq hissəsi artıq bərpa olunub və ətrafında bulvar salınıb. İndi isə Böyük Şor gölünün bərpasının layihəsinin ikinci mərhələsinə, yəni, gölün qərb hissəsinin bərpası ilə bağlı layihə sənədləri hazırlanıb. Bundan əlavə, Zığ gölünün bərpası ilə bağlı da layihə sənədləri və texniki-iqtisadi məsələlər var. Hər iki layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulur. Bu layihə çərçivəsində Böyük Şor gölünün 300 hektara yaxın sahəsinin təmizlənməsi və həmin ərazidə Böyük Şor bulvarının salınması ilə bağlı təqdimatlar olacaq. Göllərin bərpası Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında xüsusi vurğulanıb və bu göllərin ətraflarının gələcəkdə yaşıllıq zonasına çevrilməsi planlaşdırılır”.

Xəbər xətti