Azərbaycanda bu cərimələr artırılır - 10 min manatadək ...

12:03 - 19 Fevral 2025 - Xəbər

Azərbaycanda müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə cərimələr artırılır.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər - 5 min manat, hüquqi şəxslər isə 10 min manat məbləğində cərimə ediləcək.

Hazırda bu pozuntularla bağlı ümumi cərimə məbləği 50 manatdır.

Daha bir dəyişikliyə əsasən isə hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər.

Qüvvədə olan qaydalara görə, bu cərimə vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün 1000 manatdır.

Layihədə nəzərdə tutulur ki, hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3 min manat məbləğində cərimə ediləcəklər.

Hazırda bu cərimə yalnız vəzifəli şəxslər üçün min manatdır.///report

Xəbər xətti