Evdə dondurucuda hazırlanan buz kubları adətən bulanıq, barlarda içkilərə əlavə edilən buzlar isə şəffaf olur. Bunun səbəbi suyun keyfiyyəti deyil, donma zamanı baş verən fiziki proseslərdir.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, suyun tərkibində həll olmuş hava və kalsium, maqnezium kimi mineral duzlar buzun şəffaflığına təsir göstərir.
Buz niyə bulanıqlaşır?
Su donarkən buz kristalları həll olmuş qazları və mineral maddələrin bir hissəsini öz quruluşuna daxil etmir. Bu maddələr donmamış suya doğru sıxışdırılır.
Adi dondurucuda su bütün tərəflərdən soyuduğu üçün əvvəlcə qabın kənarları və üst səthi donur. Proses davam etdikcə hava qabarcıqları və digər qarışıqlar kubun mərkəzində toplanır. Mərkəz də donduqda qazlar kiçik qabarcıqlar şəklində buzun daxilində qalır.
Buz niyə ağ görünür?
Buzun daxilindəki mikroskopik hava qabarcıqları və xırda çatlar işığın yayılma istiqamətini dəyişir. İşıq buzla hava arasındakı sərhədlərdə dəfələrlə əks olunur və sınır. Nəticədə buz şəffaf görünmək əvəzinə ağ və ya süd rəngli təsir bağışlayır.
Bu, optik hadisədir. Eyni effekti xırda şüşə qırıntılarında da müşahidə etmək mümkündür: bütöv şüşə şəffaf olduğu halda, çoxlu xırda qırıntı bir yerə yığıldıqda ağ görünə bilər.
Beləliklə, buzun şəffaflığına yalnız suyun keyfiyyəti deyil, donma şəraiti, qaz qabarcıqları və daxili çatlar da təsir edir.
Evdə şəffaf buz hazırlamağın sadə üsulu
Bar və restoranlarda istifadə olunan şəffaf buz kublarını evdə də hazırlamaq mümkündür. Bunun üçün xüsusi suya deyil, suyun bir istiqamətdə dondurulmasına əsaslanan üsula ehtiyac var.
Şəffaf buz əldə etmək üçün suyu hər tərəfdən deyil, əsasən yuxarıdan aşağıya doğru dondurmaq lazımdır.
Bunun üçün kiçik termokonteynerə və ya ikiqat izolyasiyalı divarları və dibi olan, dondurucuya yerləşən qaba adi içməli su tökülür. Qabın üst hissəsi açıq saxlanılaraq dondurucuya qoyulur.
Divarlar və dib istilikdən izolyasiya olunduğu üçün su əsasən üst tərəfdən donmağa başlayır. Bu zaman hava qabarcıqları və mineral qarışıqlar aşağıya doğru sıxışdırılır. Su tam donmamış qabı dondurucudan çıxarmaq lazımdır. Beləliklə, yuxarıda şəffaf buz təbəqəsi, aşağıda isə qarışıqların toplandığı donmamış su qalır.
Sonra qalan su boşaldılır, şəffaf buz parçası isə kub formasında doğranır. Su tam donubsa, bulanıq alt hissəni ayırmaq olar.
Suyu əvvəlcədən qaynatmaq onun tərkibindəki həll olmuş qazların miqdarını azalda bilər. Lakin bu üsul təkbaşına şəffaf buz əldə etməyə zəmanət vermir. Hətta distillə edilmiş su da adi qəlibdə bütün tərəflərdən eyni vaxtda donarsa, bulanıq görünə bilər.
