İspaniya hökuməti ölkənin Şimali Afrikadakı Seuta və Melilya muxtar şəhərlərində xidmət aparan Mülki Qvardiyanın qüvvələrini gücləndirib.
Ucnoqta.az xəbər verir ki, “20 Minutos” qəzetinin məlumatına görə, Seutaya əlavə olaraq 144 təhlükəsizlik əməkdaşı, Melilyaya isə təxminən 60 nəfər göndərilib.
Qərarın sosial şəbəkələrdə miqrantların İspaniya ərazisinə yeni keçid cəhdi ilə bağlı yayılan çağırışlar fonunda qəbul edildiyi bildirilir. İspaniya rəsmiləri bir neçə həftədir sentyabrın 23-də sərhədi keçmək cəhdi ilə bağlı çağırışları izləyirlər.
Həmin tarixdə Mərakeş parlamentinin aşağı palatasına seçkilərin keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, Mərakeş tərəfi də sərhəd nəzarətini gücləndirib. Mərakeş jandarmının Seuta və Melilya ilə sərhəddə əlavə qüvvələr yerləşdirdiyi, Fnidq şəhərində isə mümkün kütləvi miqrasiya cəhdlərinin qarşısını almaq üçün su şırnağı ilə təchiz edilmiş texnikanın hazır vəziyyətə gətirildiyi bildirilir.
