“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 5-ci turunda “Şəfa” üzərində 3:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Ucnoqta.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasında “Mançester Yunayted”lə oyundan sonra yerli çempionat matçına köklənməyin çətin olduğunu bildirib. O, futbolçularının çıxışından razı qaldığını, bəzi səhvlərə yol versələr də, ümumilikdə yaxşı oyun nümayiş etdirdiklərini deyib.
Dambrauskas “Mançester Yunayted”ə qarşı açıq futbol oynadıqları üçün komandaya yönələn tənqidlərə də münasibət bildirib. O, futbolda tənqid etməyin asan olduğunu və hər kəsin öz fikrini söyləyə biləcəyini qeyd edib.
Baş məşqçi xüsusilə Rəhman Daşdəmirovun tənqid olunmasına etiraz edib. Dambrauskas bildirib ki, əvvəllər azərbaycanlı futbolçuların niyə oynamadığı sual edilirdi, indi isə Rəhman Daşdəmirov Çempionlar Liqasının əsas mərhələsində meydana çıxır.
“Rəhman Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir. Ona hörmətlə yanaşmaq lazımdır. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasının əsas mərhələsində oynayan ikinci Azərbaycan klubuyuq. Futbolçularımızın qədrini bilməliyik. Onlar böyük işlər görürlər. Belə tənqidi hörmətsizlik kimi qiymətləndirirəm”, – deyə Dambrauskas vurğulayıb.
