FİFA Maldiv adaları və Montserrat futbol federasiyalarının sabiq prezidentlərinə ömürlük futbolla bağlı fəaliyyət qadağası qoyub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Maldiv adaları Futbol Assosiasiyasının keçmiş prezidenti Bassam Adil Calil koronavirus pandemiyası ilə əlaqədar FİFA-nın yardım proqramı çərçivəsində ayrılan vəsaitdən şəxsi məqsədlər üçün qanunsuz istifadə etməkdə təqsirli bilinib. O, ömürlük futbolla bağlı fəaliyyətlərdən kənarlaşdırılıb və 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.
Assosiasiyanın sabiq maliyyə və inzibati məsələlər üzrə direktoru Məhəmməd Aqil isə futbolla bağlı fəaliyyətlərdən 10 il müddətinə uzaqlaşdırılıb və 100 min İsveçrə frankı cərimə olunub.
Montserrat Futbol Assosiasiyasının keçmiş prezidenti Vinsent Kassell vəzifə səlahiyyətlərindən sui-istifadə, sistemli maraqlar toqquşması, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, həmçinin təşkilat əməkdaşlarının fiziki və psixoloji toxunulmazlığına xələl gətirən davranışlarda ittiham olunub. O da futbolla bağlı fəaliyyətdən ömürlük uzaqlaşdırılıb və 1 milyon İsveçrə frankı cərimə alıb.
Təşkilatın keçmiş baş katibi Tandika Hyuz isə futbolla əlaqəli fəaliyyətlərdən 15 il müddətinə məhrum edilib və 150 min İsveçrə frankı cərimələnib.
