ABŞ Prezidenti Donald Tramp sentyabrın 10-da Texas ştatının Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının milli qurultayını başa vurub.
Ucnoqta.az xəbər verir ki, Tramp çıxışı zamanı tərəfdarlarını noyabrda keçiriləcək Konqres seçkilərində mütləq iştirak etməyə çağırıb və onlardan səsverməyə gələcəklərinə dair and içmələrini istəyib.
O, iştirakçılardan onun ardınca “Biz and içirik ki, noyabrın 3-də gəlib səs verəcəyik” ifadəsini təkrarlamalarını istəyib.
“Bilirsiniz, səs verməyənlərin başına nə gəlir? Siz cəhənnəmə düşəcəksiniz”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti daha sonra bunun baş verməsini istəmədiyini söyləyərək tərəfdarlarını seçkilərdə iştirak etməyə çağırıb.
Tramp çıxışının digər hissəsində tərəfdarlarına seçici kimi qeydiyyatdan keçib-keçmədikləri barədə “narahat olmamağı” və “bacardıqları qədər fırıldaq etməyə çalışmağı” zarafatla təklif edib. O, demokratları da seçkilərdə belə davranmaqda ittiham edib.
“Belə fırıldaqçılar heç vaxt olmayıb, onların heç vecinə deyil”, – deyə Tramp demokratları nəzərdə tutaraq əlavə edib.
