Bank of America analitikləri ABŞ-İran qarşıdurmasının hazırkı intensivliyinin davam edəcəyi və Hörmüz boğazının açılması istiqamətində irəliləyiş olmayacağı təqdirdə, ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin 95-120 dollar/barel aralığında qala biləcəyini proqnozlaşdırırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə bankın hesabatına istinadən Associated Press (AP) məlumat yayıb.
Analitiklərin fikrincə, Hörmüz boğazında gəmiçiliyin bloklanmasının davam etməsi neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb ola bilər. Yaxın Şərqdə əsas enerji infrastrukturuna ciddi ziyan dəyməsi ilə nəticələnən eskalasiya baş verərsə, neftin qiymətinin 150 dollara qədər yüksəlməsi mümkündür.
Bununla yanaşı, Bank of America-nın əsas ssenarisinə görə, ilin ikinci yarısında neftin orta qiyməti 83 dollar/barel təşkil edəcək. Bu proqnoz Hörmüz boğazından neft tranzitinin tədricən bərpa olunacağı ehtimalına əsaslanır.
