Xüsusilə yay aylarında tətildən qayıtdıqdan sonra bir neçə kilo artıq çəki ilə qarşılaşmaq mümkündür.
Ucnoqta.az bildirir ki, bir çox insan bu çəkidən qısa müddətdə xilas olmaq üçün şok pəhrizlərə üz tutur. Lakin artıq çəkidən qurtulmağın yeganə yolu sərt pəhrizlər deyil.
Formada qalmaq və sağlam şəkildə çəki azaltmaq üçün gündəlik həyat tərzində bir neçə sadə dəyişiklik etmək kifayətdir.
1. Daha çox hərəkət edin
Hər gün fiziki aktiv olmaq düşündüyümüzdən daha faydalıdır. Çəki azaltmaq prosesində yalnız qidalanmaya deyil, hərəkətə də diqqət yetirmək vacibdir. Gəzinti, idman və gündəlik fiziki fəaliyyət artıq kalorilərin yandırılmasına kömək edə bilər.
2. Qidalanmanıza diqqət edin, yeməkdən imtina etməyin
Öyünləri buraxmaq arıqlama prosesində ən çox edilən səhvlərdən biridir. Zülal, tərəvəz və meyvələr, tam taxıllı məhsullar və sağlam yağların balanslaşdırıldığı qidalanma gün ərzində həddindən artıq aclığın qarşısını almağa və çəki azaltma prosesini daha davamlı etməyə kömək edir.
3. Bol su için
Arıqlama prosesində kifayət qədər su qəbul etmək də önəmlidir. Gündəlik su ehtiyacı təxminən hər kiloqram bədən çəkisinə 30–35 ml hesabı ilə müəyyən edilə bilər.
Məsələn, 70 kiloqram çəkisi olan insanın gündəlik su ehtiyacı təxminən 2,1–2,5 litrdir. Lakin hava temperaturu, fiziki aktivlik, tərləmə və insanın sağlamlıq vəziyyətindən asılı olaraq bu miqdar dəyişə bilər.
4. Kifayət qədər və keyfiyyətli yatın
Yuxu rejiminin pozulması çəki artımına təsir göstərə bilər. Buna görə də sağlam şəkildə arıqlamaq üçün kifayət qədər və keyfiyyətli yuxu vacib amillərdən biridir.
5. Özünüzü hər gün tərəzidə yoxlamayın
Arıqlama prosesində insanlar çəkilərinin nə qədər dəyişdiyini görmək üçün tez-tez tərəziyə çıxırlar. Lakin bu, motivasiyanın azalmasına səbəb ola bilər. Davamlı və qalıcı çəki itkisi zaman tələb edir. Gündəlik çəki dəyişiklikləri isə tamamilə normaldır.
6. Şirniyyatdan tamamilə imtina etməyə ehtiyac yoxdur
Tətildən sonra çəki azaltmaq üçün şirniyyatı həyatınızdan tamamilə çıxarmaq vacib deyil. Sağlam qidalanmanın əsas prinsiplərindən biri hər hansı qidanı tamamilə qadağan etmək yox, onu miqdarında və balanslı şəkildə qəbul etməkdir.
Beləliklə, sərt və qısa müddətli şok pəhrizlər əvəzinə düzgün qidalanma, hərəkət, kifayət qədər su və yuxu kimi davamlı vərdişlərə üstünlük vermək daha məqsədəuyğundur.
